Baş nazir "Vaqner"lilərin Polşaya keçə biləcəklərindən ehtiyatlanır

Baş nazir "Vaqner"lilərin Polşaya keçə biləcəklərindən ehtiyatlanır

Belarusda yerləşən “Vaqner” PMC-nin 100-dən çox muzdlusu Suvalki dəhlizi adlanan əraziyə, Polşa və Litva sərhədlərinə köçürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Qeyd edək ki, Polşanın Suvalki şəhərinin şərəfinə adlandırılan Suvalki dəhlizi Polşa və Litvanı birləşdirən ərazidir. Bu ərazinin eni 100 kilometrdən də azdır.

Onun şimal-qərbində Rusiyanın Kalininqrad vilayəti, cənub-şərqində Belarus ərazisi yerləşir.

Rusiya ilə NATO arasında hipotetik silahlı münaqişə ilə bağlı müxtəlif nəşrlərdə tez-tez deyilir ki, Rusiya belə bir münaqişənin gedişində bu dəhlizi kəsməklə Baltikyanı ölkələrin Polşa və deməli, ümumilikdə Qərbi Avropa ilə əlaqəsini kəsə bilər.

Ou da qeyd edək ki, Moravetski "Vaqner"lilərin yenidən yerləşdirilməsi ilə bağlı məlumatı haradan aldığını açıqlamayıb. O qeyd edib ki, əldə etdiyi məlumata görə, muzdlular Belarusun Qrodno şəhəri ərazisinə yerləşdirilib. Moravetski bunu “Polşa ərazisinə yeni hibrid hücuma doğru addım” adlandırıb. O xatırladıb ki, son illər Belarus ərazisindən Polşaya və digər Avropa İttifaqı ölkələrinə sərhədi qanunsuz keçməyə cəhdlərin sayı xeyli artıb.

Bu sərhəd pozuntuları daha çox Asiya və Afrika ölkələrinin vətəndaşları tərəfindən həyata keçirilir. Polşa hakimiyyəti Minsk və Moskvanı bu cəhdləri Polşada və Avropa İttifaqında sabitliyi pozmaq üçün təşkil etməkdə ittiham edir.

Moravetskinin sözlərinə görə, “Vaqner” muzdluları miqrantlara Polşa sərhədini keçməkdə kömək etməklə yanaşı, həm də özlərini miqrant kimi təqdim edərək sərhədi keçməyə çalışa bilərlər. Polşanın baş naziri muzdluların Belarus sərhədçilərinin geyiminə keçə biləcəklərini də istisna etməyib.

Yeri gəlmişkən, polşalı nazirin bu aşıqlaması Polşadakı seçki kampaniyası kontekstində verilib.

Maraqlıdır ki, Moravetski müxalifətdəki Vətəndaş Platformasını tənqid edərək, onları Rusiyaya qarşı kifayət qədər sərt olmamaqda ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə