İtaliyada meşə yanğınlarının söndürülmə işləri davam edir

İtaliyada meşə yanğınlarının söndürülmə işləri davam edir

İtaliyada cənub bölgələrdə və adalarda həftənin əvvəlindən başlayan meşə yanğınları və bu yanğınların söndürülməsi üçün fəaliyyətlər davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Siciliya adasının qərbindəki Palermo şəhəri yaxınlığında baş verən meşə yanğınların qarşısının alınması üçün işlər bu gün də davam edib.

Adanın Kataniya şəhəri yaxınlığında, Etna Vulkanı Milli Parkı sərhədlərindəki kənd ərazisində gecə saatlarında başlayan yanğın A18 avtomobil yoluna keçib.

Avtomobil yollarına məsul qurumu ANAS adadan keçən yollarda yanğın təhlükəsinin aradan qaldırıldığını və nəqliyyatın hərəkətinin bərpa olunduğunu açıqlayıb.

Pugliada da Vieste yaxınlığındakı yanğının qarşısı alınıb, Alta Murgia Milli Parkında isə yanğın böyüyüb. Buradakı yanğınla əlaqədar Puglia bölgəsi əlavə yanğınsöndürənlər üçün müraciət edib.

Sardiniyanın Sassari şəhəri yaxınlığında yanğın davam edir. Yanğınsöndürənlər bölgədə yanğını yerdən və havadan söndürmək üçün səylərini davam etdirirlər.

Digər tərəfdən, Kalabriya bölgəsində bir kənddə yanğın törətmək istəyən bir şəxs təhlükəsizlik qüvvələrinin pilotsuz uçan aparatı tərəfindən təsbit edilərək yaxalanıb.

İyulun 26-da axşam saatlarında Siciliyanın Sirakuza əyaləti sərhədləri daxilində meşəlik ərazidə yanğınsöndürmə fəaliyyətlərinə qatılan helikopterlə əlaqənin kəsildiyi bildirilib.

Helikopterin qəzaya uğradığı, pilotun sağ olduğu qeydə alınıb.

İtaliyanın Baş naziri Giorgia Meloni "Facebook" hesabında bölgələrdən fövqəladə vəziyyətin elan edilməsi tələblərini tədqiq etdiklərini paylaşıb.

Digər tərəfdən, İtaliya mediası hökumətin ölkənin şimalında güclü dolu və fırtınadan zərər çəkmiş Lombardiya və Veneto bölgələri ilə meşə yanğınlarının təsirinə məruz qalan Siciliya, Kalabriya və Puglia üçün "fövqəladə vəziyyət" elan edə biləcəyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə