Ekvadorda həbsxanada üsyan olub - ölənlərin sayı 31-ə çatıb

Ekvadorda həbsxanada üsyan olub - ölənlərin sayı 31-ə çatıb

Ekvadorda həbsxanada baş verən iğtişaşda ölənlərin sayı 31-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük həbsxanası olan Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində yerləşən Litoral həbsxanasında həftə sonu məhbuslar arasında baş verən davadan sonra başlayan iğtişaşda balans artır. Baş Prokurorluqdan verilən açıqlamada iğtişaşda həyatını itirənlərin sayının 18-dən 31-ə yüksəldiyi, 14 yaralının müalicəsinin davam etdirildiyi bildirilib.

Üsyan ölkənin digər həbsxanalarına da sirayət etdiyi üçün onlarla mühafizəçi məhbuslar tərəfindən əsir götürülüb, Ekvador prezidenti Gilermo Lasso isə ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib. Hökumətdən verilən açıqlamada fövqəladə vəziyyətin elan edilməsindən sonra gərginliyin artdığı Esmeraldasda yerli həbsxanada 15 mühafizəçi və 2 personalın girov götürüldüyü bildirilib.

Polis qrupunun hücuma məruz qaldığı şəhərdə yanacaqdoldurma məntəqələrinə partlayıcılar qoyulub, bir çox avtomobil yandırılıb. Baş Prokurorluğun binasına molotof kokteyli ilə edilən hücumda bir mülki şəxsin yaralandığı bildirilib. Ötən gün Ekvador Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrindən ibarət 2700 nəfərlik komandanın reyd keçirdiyi Litoral həbsxanasında nəzarət bərpa edilib. Səlahiyyətlilər ölkə üzrə altı həbsxanada girov saxlanılan ən azı 120 mühafizəçi və həbsxana işçilərinin azad edildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə