İsraildə polis etirazçıların izdihamı ilə toqquşub

İsraildə polis etirazçıların izdihamı ilə toqquşub

İsrail Parlamentinin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran çox mübahisəli qanunu qəbul etməsindən sonra polis gecə saatlarında nümayişçilərin izdihamı ilə toqquşub. SİA BBC-yə istinadən xəbər verir ki, tədbir böyük islahat paketinin bir hissəsidir və məhkəmənin hökumətin əsassız hesab etdiyi hərəkətləri ləğv etməsinin qarşısını alacaq. Yerusəlim və Təl-Əvivdə polis magistral yolları bağlayan etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Etirazçılar sərt sağçı hökumətin islahatlarının İsrail demokratiyasını təhdid etdiyini deyirlər. Məhkəmə islahatları ilə bağlı aylarla davam edən kütləvi küçə etirazlarından sonra bazar ertəsi Knessetdə (parlament) keçirilən səsvermə Baş nazir Benyamin Netanyahu üçün mühüm qələbə olub.

Planlaşdırılan islahatlar İsrail tarixində ən böyük etirazlara səbəb olub. Bazar ertəsi ən azı 22 nəfərin həbs edildiyi bildirilib. Müxaliflər dəyişikliklərin ölkənin demokratik sistemini sarsıda və onu avtoritar ölkəyə çevirəcəyindən ehtiyat edirlər. Lakin hökumət iddia edir ki, islahatlar məhkəmələrin siyasi qərarlara getdikcə daha çox müdaxilə etdiyi güc balanssızlığını düzəltmək üçün lazımdır.

Siyasi nəzarət qrupu və mərkəzçi müxalifət lideri Yair Lapid yeni qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət etməyi planlaşdırır.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə