“İndi başımızı aşağı salıb ruslardan kömək diləyək?”

“İndi başımızı aşağı salıb ruslardan kömək diləyək?”

Yunanıstanın Rodos adasında tüğyan edən meşə yanğınlarını Rusiyanın köməyi olmadan söndürmək mümkün deyil.

Yenə də SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin keçmiş müdafiə naziri Panos Kammenos bildirib.

“...Berievsiz heç nə olmur (Yunanıstanda rusların “Be-200” amfibiya təyyarəsi belə adlanır. – A.B.). İndi başımızı aşağı salıb ruslardan kömək diləyək. Görən bizə verəcəklər”.

Ruslar Kammenosun bunu Twitter-də yazdığını deyirlər.

Qeyd edək ki, Rusiyanın “Be-200” təyyarələri Yunanıstan da daxil olmaqla digər ölkələrdə də təbii yanğınları söndürmək üçün bir neçə dəfə istifadə olunub.

Belə ki, məsələn, 2021-ci ildə ölkə hakimiyyətinin xahişi ilə Rusiya prezidenti Vladimir Putin Yunanıstandakı yanğına qarşı mübarizə üçün “İl-76” və “Mi-8”-in daxil olduğu aviaqrup göndərmişdi.

Və sonradan Yunanıstan yanğınla mübarizə üçün Moskvadan “Be-200” təyyarəsini də icarəyə götürmüşdü.

Rusların yazdığına görə, həmən vaxt məhz Rusiya istehsalı olan təyyarə Afinanı fəlakətdən xilas etmişdi.

Yeri gəlmişkən, Rodosda həddindən artıq yüksək temperatur səbəbindən yaranan yanğınları bir neçə gündür ki, söndürmək mümkün deyil. Səlahiyyətlilər təbii fəlakət bölgəsindən insanları, o cümlədən turistləri evakuasiya edir. Son məlumatlara görə, 19 min insan təhlükəsiz yerlərə aparılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə