Xorvatiyanın paytaxtında Gürcüstan səfirliyi açılacaq

Xorvatiyanın paytaxtında Gürcüstan səfirliyi açılacaq

Gürcüstanın Xorvatiyadakı səfiri Zaza Qoqsadze Gürcüstanın Xorvatiyanın paytaxtı Zaqrebdə səfirliyinin açılacağını bildirib.

SİA-nın hökumət administrasiyasından əldə etdiyi məlumata görə, mərasimdə bu ölkəyə rəsmi səfərə gələcək Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Bundan əlavə onun yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Gürcü diplomatın sözlərinə görə, Xorvatiya Avropa İttifaqına gedən yolda həmişə Gürcüstanı dəstəkləyir. Ona görə də Gürcüstan hökuməti başçısının səfəri xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Gürcüstan hökuməti bir neçə ay əvvəl Zaqrebdə səfirlik açsa da, amma indiyə qədər bu səfirlik Budapeştdə yerləşirdi.

Xatırladaq ki, Zaza Qoqsadze 2023-cü il fevralın 10-da Gürcüstanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeri gəlmişkən, Xorvatiya 2013-cü il iyulun 1-də ərizənin verilməsindən 10 il sonra Avropa İttifaqına üzv olub. Daha 10 ildən sonra, 2023-cü il yanvarın 1-də Xorvatiya Şengen zonasına daxil olaraq, avroya keçib.

Onu da bildirək ki, keçmiş Yuqoslaviyadan qopan Xorvatiyanın əhalisi 3,9 milyon nəfərdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə