Meksikada bara hücum olub - 11 nəfər yanaraq ölüb

Meksikada bara hücum olub - 11 nəfər yanaraq ölüb

Meksikanın şimalındakı Sonora ştatında ABŞ sərhədində yerləşən San Luis Rio Kolorado şəhərindəki bara molotof kokteyli ilə hücum edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində barda yanğın baş verib, içəridəkilərdən 11 nəfər yanaraq ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə sövq edilən sağlamlıq qrupları yaralıları qəsəbə və ABŞ-ın müxtəlif xəstəxanalarına aparıb. Həvəskar kameralara əks olunan görüntülərdə barın giriş qapısının alov içində qaldığı və ətrafdakı insanların təşviş içində qaçdığı görülüb. Sonora Əyalət Baş Prokurorluğundan hadisə ilə bağlı verilən açıqlamada, hadisədən əvvəl içəridəki bəzi qadın müştəriləri narahat edən hücumu həyata keçirən şəxsin təhlükəsizlik işçiləri tərəfindən çölə çıxarılmağa çalışıldığı bildirilib.

Açıqlamada şübhəlinin yüksək spirtli içki qəbul edən gənc olduğu və təcavüzkarın tutulması üçün təhlükəsizlik qüvvələrinin iştirakı ilə əməliyyata başlanıldığı bildirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə