‘‘Rusiya Qara dәnizdәki gәmilәrә hücum edә bilәr’’

‘‘Rusiya Qara dәnizdәki gәmilәrә hücum edә bilәr’’

Amerika Birləşmiş Ştatları Rusiyanın Ukrayna limanlarının girişlərinə əlavə dəniz minaları yerləşdirdiyini və Qara dənizdə mülki gəmilərə hücum edə biləcəyini irəli sürüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn qaydada keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın Ukrayna limanlarına hücum etdiyini və kənd təsərrüfatı infrastrukturunu zədələdiyini qeyd edən Con Kirbi rəsmi Moskvanın Qara dənizdə hücumlarını artıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru deyib:

"Əldə etdiyimiz məlumatlara əsasən, Rusiya Ukrayna limanlarının girişlərinə əlavə dəniz minaları yerləşdirir. Biz Rusiyanın Ukraynaya aid olduğunu iddia etdikləri dəniz minasının aşkar edilərək partladılmasını əks etdirən bir video yayımladığını görmüşük. Biz bunun Qara dənizdə mülki gəmilərə hər hansı hücumu qanuniləşdirmək, sonra isə əməliyyat çərçivəsində Ukraynanı ittiham etmək üçün koordinasiya edilmiş səy olduğuna inanırıq''.

Con Kirbi həmçinin Rusiyanın Taxıl Dəhlizi Sazişinə qayıtması ilə bağlı çağırışlarını təkrarlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə