Fransa Milli Qaçqınlar Məhkəməsi, səfərbərlikdən, hərbi xidmətdən yayınan və ya ordunu tərk edən Rusiya vətəndaşlarına ölkədə sığınacaq almaq hüququna qərar verib.
Məhkəmə qərarında qeyd olunur ki, prezident Vladimir Putinin elan etdiyi səfərbərlik “qismən” deyil, “geniş” xarakter alıb və hazırda Rusiya ordusuna çağırışdan imtina etmək praktiki olaraq mümkün deyil.
Eyni zamanda, səfərbərlik və ya hərbi xidmətə çağırış haqqında sənəd almadan sadəcə ehtiyatda olma faktı sığınacaq almaq üçün kifayət qədər əsas sayılmayacaq.
Qeyd edək ki, “Dojd” telekanalı “Cnews” internet portalına istinadən xəbər verir ki, Fransa məhkəməsinin qərarı alınan çağırışa görə qaçqın statusu tələb edən rusiyalı Maqomedrasul Yusupovun işi ilə bağlıdır. Lakin Fransanın qaçqınların müdafiəsi departamenti onun tələbini rədd edərək, Rusiyada səfərbərliyin guya başa çatdığını bildirib.
SİA bir daha xatırladır ki, ötən ilin sentyabrında Putin Ukrayna ilə müharibədə iştirak edən ordu hissələrinin doldurulması üçün elan etdiyi “qismən səfərbərlik” çərçivəsində ehtiyatda olan 330 mindən çox rusiyalı hərbi xidmətə çağırıldı. Oktyabrın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfərbərliyin başa çatması barədə məlumat verdi. Bundan sonra Putin də layihənin başa çatdığını elan etsə də, lakin müvafiq fərmanı imzalamadı. Beləliklə, rəsmi olaraq Rusiya səfərbərlik fəaliyyətini davam etdirməli oldu ki, bu elə bu gün də davam edir.
Xatırladaq ki, yanvarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu üç il ərzində Rusiya qoşunlarının sayını bir milyon yarıma çatdırmağı hədəflədiyini açıqlamışdı. Onların demək olar ki, yarısının müqaviləli əsgərlər olacağı ehtimal edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB