Avstraliya Rusiyanın daha 35 qurumuna sanksiyalar tətbiq edib

Avstraliya Rusiyanın daha 35 qurumuna sanksiyalar tətbiq edib

Avstraliya Rusiyanın 35 qurumu və on rusiyalı və belaruslu fiziki şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

“Bu gün Avstraliya Rusiyanın müdafiə, texnologiya və enerji sektorlarında fəaliyyət göstərən 35 quruma, Rusiya nazirləri, yüksək vəzifəli məmurlar və Belarusdakı yüksək rütbəli hərbçilər də daxil olmaqla 10 şəxsə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib. Bu addım Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsinə birbaşa və ya dolayısı ilə dəstək verən şəxslərə və qurumlara maksimum təsir göstərmək üçün beynəlxalq tərəfdaşlarımızla diqqətlə əlaqələndirilərək atılıb” – deyə, nazir bildirib.

Diplomatın sözlərinə görə, sanksiyalar Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən qurumlara və şəxslərə qarşı yönəlib.

Sanksiyalara Rusiya ordusuna qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlar tədarük edən şirkətlər, habelə nüvə enerjisi sektorunda fəaliyyət göstərən və Arktika resurslarının çıxarılması ilə məşğul olan təşkilatlar düşür. Bundan başqa, Rusiya baş nazirinin birinci müavini Andrey Belousov, baş nazirin müavini Dmitri Çernışenko, insan haqları üzrə müvəkkili Tatyana Moskalkova, Rusiya Federasiya Şurası (yuxarı parlament) sədrinin birinci müavini Andrey Turçak, “Kalaşnikov” konserninin baş direktoru Vladimir Lepinə və “Rusiya Helikopterləri”nin rəhbəri Nikolay Koliklesova qarşı sanksiyalar tətbiq edilib.

2014-cü ilin martından bəri Avstraliya 25 dəfə Rusiya əleyhinə sanksiyalar elan edib. Ümumilikdə Avstraliyanın qara siyahısına 1100-dən çox Rusiya vətəndaşı və 300-dən çox qurum daxildir. Ölkə Rusiya ilə hər hansı ticarət əlaqələrini kəsib, “qara siyahı”ya düşən şəxslərin aktivlərini dondurub və milli şirkətlərə “qara siyahı”ya düşən Rusiya şirkətləri ilə iş aparmağı qadağan edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə