Putin BRİKS sammitində iştirak edəcək, amma videobağlantı vasitəsilə

Putin BRİKS sammitində iştirak edəcək, amma videobağlantı vasitəsilə

Prezident Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitində videobağlantı vasitəsilə iştirak edəcək. SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, tam hüquqlu iştirak olacaq”, - deyən Peskov həmçinin Cənubi Afrika hakimiyyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovun sammitdə fiziki olaraq iştirak edəcəyi ilə bağlı bəyanatını da təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın ofisində “qarşılıqlı razılaşmaya əsasən, Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcəyi, onun əvəzinə Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov təmsil edəcəyi” xəbəri yayılmışdı.

Yeri gəlmişkən, Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabedir. Beynəlxalq Cinayət Məhkəməsi isə mart ayında Putin və Rusiya Federasiyasındakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmənin fikrincə, onlar ukraynalı uşaqların Ukraynadan qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə