"Körpünün olmaması böyük çətinliklər yarada bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Əvvəla qeyd edim ki, Krım körpüsünün tikilməsi ideyası Krımın Rusiya tərəfindən ilhaqından sonra ortaya çıxıb. Rusiya Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdi. Dəyəri 3,6 milyard dollar olan körpünün uzunluğu 19 km-dir və iki hissədən ibarətdir. Yəni bu körpü özündə həm avtomobil yolunu, həm də dəmir yolunu birləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verilib. Kerç boğazı üzərindəki Krım körpüsü Rusiyanın nəqliyyat şəbəkəsi ilə Krım yarımadası arasında yeganə birbaşa əlaqədir.
Körpü Krıma yanacaq, ərzaq və digər məhsulların çatdırılması üçün həlledici əhəmiyyətə malikdir. Bu yol Rusiyanın Krımda yerləşən Qara Dəniz Donanmasına ərzaq və digər məhsulların tədarükü üçün də çox vacibdir. Eyni şəkildə körpü Ukrayna ərazisində döyüşən işğalçı ordu qüvvələri üçün mühüm təchizat yoludur. Rusiyanın Ukraynaya hücumundan sonra, Ukraynanın cənubundakı Xerson vilayətini və ona bitişik Zaporojjya vilayətini ələ keçirmək üçün Krımdan qüvvələr göndərdikdən sonra bu körpü faktiki olaraq Rusiya qüvvələri üçün əsas təchizat marşrutuna çevrilib.
Göründüyü kimi Krım körpüsü bir tərəfdən ilhaq edilən Krımla Rusiyanı bağlayan yeganə birbaşa quru yolu, digər tərəfdən isə Rusiya hərbi qüvvələri üçün mühüm təchizat marşrutudur. Məhz elə bu baxımdan da körpü Rusiya üçün olduqca vacibdir. Ukrayna tərəfinin körpünü sıradan çıxarmaq üçün zaman-zaman həyata keçirdikləri əməliyyat da bununla bağlıdır. Körpünün olmaması Rusiyanın Krımla əlaqələrinə böyük çətinliklər yarada və bununla da Ukrayna tərəfinə Krımın geri qaytarılması üçün geniş imkanlar aça bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB