Rusiyada cinsiyyət dəyişmək qadağan edildi

Rusiyada cinsiyyət dəyişmək qadağan edildi

Rusiyanın Federasiya Şurası (parlamentin yuxarı palatası) cinsiyyətin dəyişdirilməsi əməliyyatını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi qüvvəyə mindikdən sonra "Rusiya vətəndaşlarının sağlamlığının qorunmasının əsasları haqqında" qanuna tibbi və ya cərrahi müdaxilələri, əczaçılıq və ya digər dərman vasitələrinin cinsiyyətin dəyişdirilməsi məqsədilə istifadəsini qadağan edən maddə əlavə etməklə düzəliş edəcək.

Bununla belə, qadağaya anadangəlmə anomaliyaların və anadangəlmə qüsurların, həmçinin uşaqlarda atipik cinsiyyət orqanları ilə əlaqəli genetik və endokrin xəstəliklərin müalicəsinə yönəlmiş tibbi müdaxilələr şamil edilməyəcək. Bu cür tibbi müdaxilələrin həyata keçirilməsinə yalnız Rusiya Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisəsinin tibbi komissiyasının qərarı ilə icazə verilir. Qanun layihəsində həmçinin Rusiya vətəndaşlığı haqqında qanuna dəyişiklik edilməsi, vətəndaşlıq reyestrinə belə dəyişikliklər edildikdən 90 gün sonra Rusiya vətəndaşının pasportunun etibarsız sayılacağı müddəasının əlavə edilməsi təklif edilir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə