Cənubi Afrika prezidenti Beynəlxalq Cinayət Məhkəməsindən Putini həbs etməmək üçün icazə istəyir
İcazə verin Putini tutmayaq...

Bu arada Cənubi Afrika prezidenti rusiyalı həmkarı Vladimir Putinin həbs edilməməsi üçün Beynəlxalq Cinayət Məhkəməsindən icazə istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, Siril Ramaposa bu barədə müxalif Demokratik Alyansın BRİKS sammiti üçün Yohannesburqa gələcəyi təqdirdə hökuməti Rusiya prezidentini həbs etməyə məcbur etmək üçün qaldırdığı iddiaya cavab olaraq bildirib.

Ramaposa görə, Putinin həbsi müharibə elanına bərabər olacaq.

“...Cənubi Afrikada prezident Putinin həbsi və ekstradisiyası tələbinin yerinə yetirilməsi ilə bağlı aşkar problemlər var. Rusiya açıq şəkildə bildirib ki, hazırkı prezident Putinin həbsi müharibə elanı olacaq”.

Bunu deyən Ramaposa, bu məsələ ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi ilə məsləhətləşmələrə başladığını, lakin detalları açıqlaya bilməyəcəyinə aydınlıq gətirib.

Xatırladaq ki, Vladimir Putinin dəvət olunduğu BRİKS sammiti avqustda baş tutacaq. Onu da xatırladaq ki, Cənubi Afrika, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etməyə və Putini gələn kimi həbs etməyə məcbur edən Roma Əsasnaməsini imzalayan ölkələr sırasındadır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Cənubi Afrika Respublikasının vitse-prezidenti Pol Maşatil Rusiyaya “minnətçi düşərək” ondan Putinin sammitə gəlməməsini təvəqqe etmişdi.

Amma Moskva sammitdə Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etməsi təklifinə etiraz etməklə yanaşı, həm də tədbirin Çinə ötürülməsinə qarşı da çıxıb.

Maraqlıdır ki, Kreml Rusiya prezidentinin Yohannesburq görüşündə iştirak formatını hələ müəyyən etməyib.

Maraqlıdır, görəsən, Putin Yohannesburqa gələcək?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə