“Biz çox tez nəticələr əldə etmək istərdik, amma...”

“Biz çox tez nəticələr əldə etmək istərdik, amma...”

Əks-hücum zamanı tez əhəmiyyətli nəticələr əldə etmək mümkün deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri xarici KİV-ə müsahibəsində Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski deyib.

Beləliklə, o Ukrayna hərbçilərinin ay yarımdır davam edən əks-hücum əməliyyatının planlaşdırıldığından daha aşağı templə davam etdiyini etiraf edib.

“Biz çox tez nəticələr əldə etmək istərdik. Ancaq əslində bu, praktiki olaraq mümkün deyil” –deyən Sırski, öz fikrini rus ordusunun Şərq və Cənub istiqamətlərində çoxlu sayda müdafiə maneə və istehkamları qurması ilə əsaslandırdı. Üstəlik, o qeyd edib ki, burada demək olar ki, bütün ərazi minalanıb: “Buna görə də bizim tərəqqimiz həqiqətən də istədiyimiz qədər sürətlə getmir”.

Xatırladaq ki, Ukraynanın Artyomovsk, Cənubi Donetsk və Zaporojye istiqamətlərində əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlara görə, iyulun 11-də Ukrayna Silahlı Qüvvələrinin itkiləri 26 min əsgər, 1244 tank, 21 təyyarə, 6 helikopter və minlərlə digər hərbi texnika təşkil edib.

Bundan əlavə, Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyan etdiyi kimi, düşmən cəbhənin heç bir sektorunda öz məqsədlərinə nail ola bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə