Ukrayna Təhlükəsizlik Xidməti “Bandera” çağırış işarəsi altında ölkənin müdafiəsində iştirak edən, sonra isə Çeçenistana qayıdan və Ramzan Kadırov rejimini dəstəkləyən Hüseyn Cambetovu fərari hesab edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baş İstintaq İdarəsinin rəis müavini Aleksandr Buryakın cavabında deyilir. Qeyd edək ki, müvafiq sorğunu Çeçenistan İçkeriya Respublikasının baş prokuroru vəzifəsini icra edən İmran Baqaşev təqdim edib.
Sənəddə qeyd olunur ki, Cambetov Ukrayna silahlı qüvvələrinin Baxmut ərazisində yerləşən yerini özbaşına tərk edib.
Bundan əlavə, onun ukraynalıların qətlində mümkün iştirakı və onun məxfi məlumatlara çıxış səviyyəsi ilə bağlı məlumatları yoxlanılır.
İçkeriyanın xaricdəki baş naziri Əhməd Zakayev, 2022-ci il dekabrın əvvəlində Cambetovun Çeçenistan İçkeriya Respublikasının silahlı qüvvələrindən azad edilməsi haqqında sərəncam imzaladığını bildirib.
“Mən onunla iki-üç dəfə danışmışam. O, iddia edirdi ki, Uca Yaradandan hansısa xüsusi missiyası var. Sonra anladım ki, bu adam ruhi xəstədir. Mən onun işdən çıxarılması haqqında əmr imzalayanda o, artıq Ukraynada deyildi”, - deyə Zakayev bildirib.
Keçən il Hüseyn Cambetov Ukrayna tərəfində müharibəyə girərək, 50 rus əsgərini öldürmək və Belçikadakı ailəsinin yanına qayıtmaq planlarını bəyan edib. Avqust ayında o, mayor rütbəsi ilə Ukraynanın Xarici legionunun tərkibində Çeçenistan İçkeriya Respublikası Silahlı Qüvvələrinin Əlahiddə Xüsusi Təyinatlı Batalyonunun informasiya və analitik şöbəsinin rəisi kimi özünü rəsmən təqdim edib.
Bu ilin mayında isə Çeçenistanda peyda olan Cambetov, Ramzan Kadırov rejiminə heyran olduğunu bildirib.
Bununla yanaşı o, müharibə zamanı “axmatovitləri təhqir etdiyinə” görə bir neçə ukraynalını öldürüb və ya yaraladığını bildirib.
Maraqlıdır ki, Cambetovun indi təriflədiyi “Ramzan Kadırovun Çeçenistanında” hansı şəraitdə yaşadığı məlum deyil.
Amma indiyədək ona heç bir vəzifə verilmədiyi məlumdur.
Buna baxmayaraq o, müxtəlif təşəbbüslərlə çıxış edir: məsələn, xaricdəki həmvətənlərini vətənə qayıtmağa çağırır və ya başqa ölkələrdən məzuniyyətə gələn hər kəs üçün atıcılıq kursları elan edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB