“General Surovikin “Vaqner” üsyanından sonra hələ də həbsdə qalır”

“General Surovikin “Vaqner” üsyanından sonra hələ də həbsdə qalır”

..."Vaqner" PMC muzdluları və onların lideri Yevgeni Priqojinin qiyamının başlamasından bir neçə saat sonra Rusiya daxili təhlükəsizlik xidməti bir neçə yüksək rütbəli rus hərbçisini, o cümlədən Aerokosmik Qüvvələrin komandanı general Sergey Surovikini saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri cümə axşamı vəziyyətlə tanış olan mənbələrə istinadən “The Wall Street Journal” yayıb.

Hazırda Surovikinin Moskvada saxlanılaraq dindirildiyi, lakin ona qarşı hələ ki, heç bir ittihamın olmadığı bildirilir. Qeyd edək ki, xarici nəşr Surovikin də daxil olmaqla 13 yüksək rütbəli rus zabitin saxlanmasından yazsa da, amma onlardan bəziləri sonradan sərbəst buraxılıb.

Bundan əlavə, nəşrdə qeyd olunduğu kimi, 15 hərbi qulluqçu tutduqları vəzifədən uzaqlaşdırılıb və ya işindən qovulub.

Nəşr həmsöhbətlərindən birinin dediyinə görə, həbslər artıq etibar etmək mümkün olmayan şəxslərdən səflərin təmizlənməsi ilə bağlıdır.

General Surovikin müdafiə nazirinin müavini işləmiş, lakin aprelin sonunda “Vaqner” PMC-yə qoşulmuş general-polkovnik Mixail Mizintsevlə birlikdə hələ də həbsdədir.

Maraqlıdır ki, Sergey Surovikinin saxlanması barədə “Financial Times” və “The Moscow Time” da daxil olmaqla Qərbin bir sıra KİV-ləri də yazıb.

“The Wall Street Journal”ın mənbələrindən biri generalın Rusiyanın hərbi rəhbərliyinə qarşı gözlənilən qiyamdan xəbəri olduğunu, lakin bu qiyamda iştirak etmədiyini bildirib.

Nəşrin məlumatına görə, saxlanılan, lakin sonra sərbəst buraxılanlar arasında Surovikinin müavini, general-polkovnik Andrey Yudin və hərbi kəşfiyyat rəisinin müavini, general-leytenant Vladimir Alekseyev də var. Onlar xidmətdən uzaqlaşdırılıb, hərəkətləri məhdudlaşdırılıb, hərbçilərin özləri isə nəzarət altındadırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə