Ağ Ev ATACMS uzaqmənzilli raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı qeyri-ictimai müzakirələr aparır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iki amerikalı və bir avropalı məmura istinadən “New York Times” qəzeti yazır.
Qeyd edək ki, oxşar raketlər artıq Böyük Britaniya tərəfindən Kiyevə verilib və Fransa da bu yaxınlarda belə bir addım atacağına söz verib.
Nəşrə danışanların sözlərinə görə, söhbət ehtiyatda olan “Zemlya-zemlya” sinfinə aid bir neçə idarə olunan raketin tədarükündən gedir.
Maraqlıdır ki, Pentaqon Ukraynanın hazırda uzaqmənzilli raketlərə ehtiyac duymadığını iddia edir. Bundan əlavə, Amerikanın ATACMS arsenalı nisbətən kiçikdir və mövcud raketlər artıq, Koreya yarımadasında yerləşdirilib.
Qəzet yazır ki, onların Ukraynaya köçürülməsi digər “qaynar nöqtələrin” təhlükəsizliyini təhlükə altına qoya bilər.
Yeri gəlmişkən Kiyev uzun müddətdir ki, təqribən 300 kilometr uçuş məsafəsinə malik ATACMS taktiki raket sistemlərini əldə etməyə çalışır.
Kiyev bu raketlərlə Ukrayna ordusuna cəbhə xəttinin xeyli gerisində yerləşən Rusiya qoşunlarına zərbə endirməyə kömək edəcəyini deyir.
Təbii ki, Kiyev burada Rusiyanın pilotsuz təyyarələrin buraxılması üçün baza kimi istifadə etdiyi Krımı nəzərdə tutur.
Doğrudur, Vaşinqton əvvəllər Ukraynanın Rusiya ərazisinə zərbələr endirə və münaqişəni daha da gərginləşdirə biləcəyindən narahat olaraq, ATACMS raketlərini ötürməkdən qəti şəkildə imtina edib.
Amma bu ilin may ayında Böyük Britaniya Ukraynaya “Storm Shadow” uzaqmənzilli qanadlı raketlər göndərib. Və Ukrayna ilk dəfə olaraq bu silahlardan cəbhə xəttindən yüz kilometr aralıda yerləşən Luqanska zərbə endirmək üçün istifadə edib.
Dünən NATO-nun Vilnüsdə keçirilən sammitində Fransa Ukraynanı eyni tipli SCALP havadan buraxılan raketlərlə təmin edəcəyinə söz verib. Qeyd edilməlidir ki, SCALP-nin rəsmi uçuş məsafəsi 250 kilometr olsa da , lakin modifikasiyadan asılı olaraq 500 kilometrə də çata bilər.
P.S: Beynəlxalq müqavilələr belə mənzilli raketlərin ötürülməsini qadağan edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB