İyul ayının ilk həftəsi müşahidələr tarixində ən isti həftə olub

Quru ilə yanaşı, okean suları da istiləşir
İyul ayının ilk həftəsi müşahidələr tarixində ən isti həftə olub

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iyulun ilk həftəsi tarixdə ən isti həftə olub.

BMT izah edib ki, temperatur rekordları iqlim dəyişikliyi və “El Nino” hava fenomeninin başlaması - Sakit Okeanın ekvatorial sularının temperaturunun artması ilə bağlıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bundan əvvəl BMT müşahidələr tarixində “ən isti iyun” barədə məlumat vermişdi.

Maraqlıdır ki, təşkilat 2024-cü ilə qədər yeni rekordlar proqnozlaşdırır.

Men Universitetinin İqlim Dəyişikliyi İnstitutunun cədvəlinə əsasən, Yer kürəsində orta temperatur iyunun 22-də rekord qırmağa başlayıb.

Onun maksimal qiyməti - 17,23°C iyulun 6-da qeydə alınıb. BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, mövcud vəziyyət “iqlim dəyişikliyinin nəzarətdən çıxdığını” nümayiş etdirir.

Qeyd edək ki, quru ilə yanaşı, okean suları da istiləşir. Ümumdünya Meteorologiya Təşkilatına görə, bu, “ətraf mühitə dağıdıcı təsir göstərə bilər”. Ümumdünya İqlim Tədqiqatları Proqramının meneceri Maykel Sparrounun dediyinə görə, əgər okeanlar əhəmiyyətli dərəcədə isinsə, bu, atmosferə, dəniz buzuna və bütün dünyada buza təsir edəcək. Onun fikrincə, “El Nino”nun təsirləri bu ilin sonuna qədər daha kəskin hiss olunacaq.

...“El Nino” adətən ABŞ, Cənubi Amerika, Afrika və Mərkəzi Asiyada kütləvi daşqınlarla nəticələnir. Eyni zamanda Avstraliya, Cənubi Asiya, İndoneziya və Mərkəzi Amerikaya istilik və quraqlıq gəlir.

Yeri gəlmişkən bu yaxınlarda Kanada, ABŞ, Meksika, Peru, İraq və Çinin regionlarında rekord istilər qeydə alınıb.

...“El-Nino” Rusiyanın regionlarında hava şəraitinə də təsir edə bilər. Bu həm istilik, həm də soyuq istiqamətində dalğalanmalar mümkündür.

Bunu Atmosfer Fizikası İnstitutunun rəhbəri İqor Moxov deyir.

Bəli, bu gün istidən həm insanlar, həm də heyvanlar əziyyət çəkirlər. Hələ 2022-ci ilin yayında Avropada rekord dərəcədə istilərdən 61 mindən çox insan həyatını itirdi ki, onların da əksəriyyəti 80 yaşdan yuxarı olanlar idi.

Vaşinqton Universitetinin araşdırmasına görə, dəniz istisi milyonlarla müxtəlif quşu da öldürür.

P.S: “El Niño” və ya Cənub rəqsi ekvatorial Sakit okeanda səth su təbəqəsinin temperaturunda nəzərəçarpacaq dərəcədə dəyişmədir. Daha dar mənada, “El Niño”, qızdırılan səthə yaxın suların bölgəsinin şərqə sürüşdüyü Cənub rəqsinin mərhələsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə