Türkiyə İsveçin ən qısa zamanda NATO-ya qəbul edilməsinə razılıq verib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristerssonla görüşdən sonra deyib.
Stoltenberqin sözlərinə görə, Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün ən qısa zamanda Türkiyə parlamentinə göndərilməsinə razılıq verib.
Adını açıqlamayan türk rəsminin sözlərinə görə, sıçrayış Ankaranın əsas tələblər, o cümlədən Stokholmun öz ərazisində fəaliyyət göstərən kürd separatçılarının tərəfdarlarına yanaşması ilə bağlı arxayınlıq almasından sonra baş verib.
Bundan başqa, Ankaranın müdafiə ilə bağlı sanksiyaların ləğvi tələblərinin yerinə yetirilməsi istiqamətində irəliləyiş əldə edilib.
Avropa İttifaqı rəsmiləri Avropa İttifaqına üzvlüyü, o cümlədən ölkənin Gömrük İttifaqına daxil olması və Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişlə bağlı danışıqları sürətləndirməyə razılaşıblar.
“Bloomberg”in şərhində bir türk rəsmisi "Türkiyə istədiyini aldı, buna görə də İsveçin NATO-ya daxil olması prosesi sürətlənəcək”-deyə bildirib.
İyulun 10-da Ərdoğan bildirib ki, əgər onun ölkəsi Avropa İttifaqına “yol açılarsa” Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək. NATO-nun baş katibi Yens Stoltenberq cavab verib ki, Ankaranın istəyi İsveçin hərbi bloka qoşulmasına mane olmamalıdır.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatının başlaması fonunda İsveç Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib. Stokholmda Quranın yandırılması aksiyasına görə giriş gecikib. Türkiyə prosesi dayandıraraq bunu tənqid edib. Bu məsələdə Ankaranın səsi həlledicidir, çünki reqlamentə əsasən, blokun bütün ölkələri təşkilatın gələcək üzvünün namizədliyini təsdiqləməlidir.
Yeri gəlmişkən, Türkiyə 1987-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib, 1999-cu ildə namizəd statusu alıb və üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb.
Qərbin iddiasına görə, burada əsas problem Ankaranın Avropa İttifaqına standartlarına və demokratik prinsiplərə cavab verməsi üçün lazım olan islahatları həyata keçirməməsidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB