Taliban və Çinin CAPEİC şirkəti Əfqanıstandakı ortaqlığından sonra Sari-Pul rayonunda ilk dəfə bir quyudan neft hasil edilməyə başlandı.
SİA-nın əldə etdiyi məlumata görə, Taliban müvəqqəti hökumətinin mədən və neft nazirinin müavini Şahabəddin Dilavər və Çin şirkətinin rəsmiləri Səri-Pulun Kaşkari bölgəsində neft quyusundan hasilata başlanılması mərasimində iştirak ediblər.
Ş.Dilavər çıxışında deyib: “2023-cü ilin sonuna qədər bu rayonda daha 15 neft quyusu təmir edilərək istismara veriləcək. Xarici investorları Əfqanıstana dəvət edirik. Neft quyularından 100 ton neft çıxarılacaq.
Əfqanıstanın şimalındakı Məzari-Şərif və Şibirqan şəhərləri arasında 95 kilometrlik təbii qaz boru xətti layihəsi başlandı”.
Xatırladaq ki, 2023-cü il yanvarın 5-də Taliban müvəqqəti hökuməti ilə Çin şirkəti (CAPEİC) arasında ölkənin şimalında Amudərya çayı ətrafında neftin kəşfiyyatı və çıxarılmasına dair saziş imzalanıb. Razılaşmaya əsasən, Cüzcan, Faryab və Sari-Pul rayonlarında ümumi 4500 kvadrat kilometr sahədə neft kəşfiyyatı işləri aparılacaq. Çin şirkətinin sazişin ilk ilində 150, ümumi olaraq 3 ildə isə 540 milyon dollar sərmayə qoyacaq.
Qeyd edək ki, müqavilənin müddəti 25 ildir. Lakin Çin şirkəti 1 il ərzində öhdəliklərini yerinə yetirməsə, saziş avtomatik olaraq ləğv ediləcək.
Taliban layihədən ilk olaraq 20 faiz pay alacaq və bu, zamanla 75 faizə yüksələcək. Layihə ilə 3 min əfqanıstanlı işlə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB