Ukraynalı Polşada Rusiyaya casusluq etdiyinə görə həbs edilib

Ukraynalı Polşada Rusiyaya casusluq etdiyinə görə həbs edilib

Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşını saxlayıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Saxlanılan şəxsin Rusiya kəşfiyyatının yaratdığı casus şəbəkəsinin üzvü olduğu bildirilir. O, casusluq işində on beşinci şübhəli olub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, bundan əvvəl artıq 14 nəfər saxlanılıb. Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski özünün “Twitter” səhifəsində şübhəlinin hərbi obyektləri və dəniz limanlarını izlədiyini bildirib. Onun buna görə Rusiya xüsusi xidmət orqanlarından qonorar aldığı iddia edilir.

Polşa Prokurorluğu saxlanılan şəxsin hələ 2019-cu ildə Ukraynadan respublikaya gəldiyini bildirib. O, mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və casusluqda ittiham olunub.

Onu da qeyd edək ki, hazırda saxlanılan şəxsi on ilə qədər həbs gözləyir.

Xatırladaq ki, bundan əvvəl Polşa Daxili Təhlükəsizlik Agentliyi yerli komandada çıxış edən Rusiyadan olan xokkeyçinin casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat yayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, adı açıqlanmayan idmançı Rusiya xarici kəşfiyyatının maraqları üçün kritik infrastrukturlar haqqında məlumat toplayıb. İstintaq göstərir ki, bir qrup rus agenti dəmir yollarında yüklərin hərəkətini müşahidə edib, təxribat hazırlayıb və NATO və Polşa hökumətinin siyasətinə qarşı təbliğat aparıb.

Yeri gəlmişkən, Polşada parlament seçkiləri noyabrda keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə