“Azovstal” müdafiə komandirləri cəbhəyə qayıdacaqlarını bildirdilər

“Azovstal” müdafiə komandirləri cəbhəyə qayıdacaqlarını bildirdilər

Ukrayna prezidenti ilə birlikdə Türkiyədən vətənə gələn “Azovstal”ın 5 müdafiəçisi yenidən döyüşlərdə iştirak etməyə hazırlaşır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Lvovda jurnalistlərlə görüşdə Azov komandiri Denis Prokopenko deyib.

Azov komandirinin müavini Svyatoslav Palamar öz növbəsində “Biz qayıtdıq və işimizi görməyə davam edəcəyik” deyə bildirib.

Qeyd edək ki, Mariupoldakı “Azovstal” müdafiə komandirlərinin evə qayıtması iyulun 8-də məlum olub. Beş ukraynalı hərbçi Ukrayna prezidenti Vladimir Zelenski ilə eyni təyyarədə İstanbuldan gəliblər. Orada onlar may ayında əsir götürüldükdən və sonradan ukraynalı siyasətçi Viktor Medvedçukla dəyişdirildikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi zəmanəti altında olublar.

Onu da qeyd edək ki, ruslarla bağlanan mübadilədə ukraynalıların müharibə bitənə qədər Türkiyədə qalacağı iddia edilib.

Bu arada Moskva Ankara və Kiyevi razılaşmaları pozmaqda ittiham edib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, heç kim Rusiyaya ukraynalıların evlərinə qayıtması barədə məlumat verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə