Kristian Vaqnerə verilən çətin sual

Kristian Vaqner Makronun ölkədə baş verən hadisələrdən sonra sosial medianı məhdudlaşdıracağı ilə bağlı açıqlamasını qiymətləndirməkdən imtina edib
Kristian Vaqnerə verilən çətin sual

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner Fransa prezidenti Emmanuel Makronun ölkədə baş verən hadisələrdən sonra sosial medianı məhdudlaşdıracağı ilə bağlı açıqlamasını qiymətləndirməkdən imtina edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nazirliyin sözçüsü Vaqner paytaxt Berlində təşkil edilən mətbuat konfransında Anadolu Agentliyinin (AA) müxbiri “Fransa prezidenti Makron ölkəsindəki hadisələrdən sonra sosial şəbəkələri məhdudlaşdırmaq istəyir. Bununla bağlı müzakirələr gedir. Almaniya hökuməti bu bəyanatı necə qiymətləndirir?” sualına “Biz bunu qiymətləndirmirik. Bu xəbərləri mediada görmüşəm, amma burada bu məsələ ilə bağlı fikrim yoxdur” cavabını verib.

Vaqner AA müxbirinin “Ancaq bu məsələ yüksək səslə düşünülür. Makron bu açıqlamanı verəndə, Avropada mətbuat azadlığı nə deməkdir?” sualına isə "Bu, Fransa hökumətinə verməli olduğunuz bir sualdır" cavabını verib.

Qeyd edək ki, iyulun 4-də paytaxt Parisdəki Prezident Yelisey sarayında 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra Makron etirazların keçirildiyi şəhərlərin merləri ilə görüşüb və çıxışında “İşlər nəzarətdən çıxdıqda (sosial media şəbəkələrinə) girişi tənzimləyə yaxud da kəsə biləcək vəziyyətində olmalıyıq" ifadəsini işlədib.

Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.

Naelin ölümünə etiraz edənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşdular.

Gənci qətlə yetirən polis əməkdaşının cəzası dayandırılıb və barəsində həbs qətimkan tədbiri görülüb.

Bundan əlavə, Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, yerli vaxtla saat 21.00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə