Almaniya Ukraynaya kaset silahları göndərməyəcək

Almaniya Ukraynaya kaset silahları göndərməyəcək

Almaniya kaset bombaları haqqında Konvensiyaya riayət etməyə davam edəcək və silahları Kiyevə göndərməkdən çəkinəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Vyanada bildirib. Onun açıqlaması ABŞ rəsmilərinin Bayden administrasiyasının Ukraynanı döyüş sursatları ilə təmin etməyi planlaşdırdığını söyləməsindən bir gün sonraya təsadüf edib.

Berbok jurnalistlərə Vaşinqtonun Kiyev üçün kaset sursatları ilə bağlı planlarını şərh etməyi xahiş edəndə deyib: "Mən medianın xəbərlərini izlədim. Tərəf dövlət olaraq bizim üçün Oslo razılaşması tətbiq edilir".

Almaniyanın baş diplomatı Vyanada ATƏT-in baş katibinin ev sahibliyi ilə keçirilən İqlim Dəyişikliyi üzrə ATƏT-in Yüksək Səviyyəli Konfransında iştirak edib.

Almaniyanın xarici işlər naziri Boris Pistorius da Berndə keçirdiyi mətbuat konfransında Kiyevə kaset sursatlarının göndərilməsinə qarşı çıxıb: "Almaniya konvensiyanı imzalayıb, ona görə də bu, bizim üçün seçim deyil. Konvensiyanı imzalamayan ölkələrə - Çin, Rusiya, Ukrayna və ABŞ-a gəlincə, onların hərəkətlərini şərh etmək məndən asılı deyil".

Bir sıra Qərb mediası, o cümlədən New York Times, Reuters və CNN, Ukraynaya kaset bombalarının göndərilməsi ilə bağlı qərarın verildiyini və elanın cümə günü, iyulun 7-də veriləcəyini bildirib. Pentaqon daha sonra bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı mülki əhali üçün ən az təhlükə yaradan kaset sursatları ilə təmin etməyə hazırdır.

Qeyd edək ki, partladığı zaman kaset sursatları onlarla kiçik bombaları böyük bir əraziyə səpələyir. Əgər partlamasa, bu bombalar uzun illər mülki əhali üçün təhlükə yaradacaq.

Kasetli Sursatlar üzrə Konvensiya 2008-ci ildə Norveçin paytaxtında 123 ölkə tərəfindən imzalanıb və 2010-cu il avqustun 1-dən qüvvəyə minib. İndiyədək 110 ölkə onu ratifikasiya edib. Avropada Ermənistan, Azərbaycan, Belarus, Estoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Latviya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna sənədi imzalamayıb.

Human Rights Watch-a görə, kasetli sursatların real işləməmə dərəcəsi çox vaxt ordunun rəsmi elan etdiyindən qat-qat yüksəkdir və mülki əhali arasında çoxsaylı itkilərə səbəb ola bilər.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə