Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya və Ukrayna “45-dən 45-ə” düsturuna əsasən əsir mübadiləsi aparıblar.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermakın teleqramında yazdığına görə, mübadilə edilənlər sırasında Ukrayna silahlı qüvvələrinin iki zabiti, 40-dan çox sıravi və çavuş, “Azovstal”ın bir mülki əməkdaşı və bir xersonlu döyüşçü olub.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynaya qaytarılan hərbçilər Baxmut yaxınlığında, eləcə də Zaporojye və Xarkov ərazilərində döyüşüblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş rusların vətənlərinə qayıtdığını təsdiqləyib.

Rus rəsmilərinin dediyinə görə, onların hamısı müalicə və reabilitasiyaya göndəriləcək. Rusiya tərəfi məhbusların mübadiləsi zamanı adətən başqa detallar vermir.

Rusiya müdafiə departamentinin yaydığı kadrlara əsasən, mübadilə Belqorod vilayəti ilə sərhəddə baş verib.

Xatırladaq ki, tərəflər sonuncu dəfə iyunun 11-də əsir mübadiləsi aparmışdılar. Belə ki, Rusiya 94, Ukrayna isə 95 nəfəri geri qaytarmışdı.

Qeyd edək ki, həmən vaxt iki uşaq da Rusiyadan qaytarılmışdı - altı yaşlı oğlan və on yaşlı qız.

Yermakın sözlərinə görə, uşaqların anası əsirlikdə olub və ötən ilin oktyabrında baş vermiş böyük mübadilə nəticəsində evə qayıdıb, uşaqlar isə qanunsuz olaraq Ukraynadan çıxarılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə