Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Vaqner üsyanı zamanı Çin və Hindistana dəstəyə görə təşəkkür edib. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) virtual sammitində dünyanın iqtisadi və maliyyə qeyri-sabitliyi səbəbindən artan münaqişə riski ilə üz-üzə qaldığını deyib və Çin və Hindistan liderlərinə Vaqner üsyanı zamanı göstərdikləri dəstəyə görə təşəkkür edib.
Rusiya prezidenti deyib: “İnkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, bütün dünyada sosial təbəqələşmə və yoxsulluğun artması, ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsi fonunda yeni qlobal iqtisadi və maliyyə böhranının riskləri artır. Hər biri özünəməxsus şəkildə mürəkkəb və müxtəlif olan bütün bu problemlər öz məcmusunda münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur. Bütün bunları Rusiya birbaşa hiss edir”.
Putin həmçinin ŞƏT-in regional antiterror strukturunda islahatların aparılmasını təklif edib və Belarusun bu qrupa tezliklə qoşulmasını çağırıb.
ŞƏT-ə hazırda Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan daxildir. Belarus, Monqolustan və İran isə müşahidəçi statusuna malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB