Putin ilk dəfə qlobal sammitdə çıxış edəcək

Putin ilk dəfə qlobal sammitdə çıxış edəcək

Rusiya prezidenti Vladimir Putin "Vaqner" muzdlu qruplaşmasının qiyam qaldırmasından sonra ilk dəfə qlobal sammitdə çıxış edəcək. SİA BBC-yə istinadən xəbər verir ki, Putin bu gün Çin, Hindistan, Pakistan və dörd Mərkəzi Asiya ölkəsinin liderləri ilə virtual olaraq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək. Sammitə bu il Hindistan sədrlik edir.

Regional təhlükəsizlik, iqtisadiyyat, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və Əfqanıstan məsələsi görüşdə müzakirə olunacağı ehtimal olunan məsələlərdəndir.

Qeyd edək ki, Çin, Rusiya və dörd Mərkəzi Asiya ölkəsi 2001-ci ildə Qərbin bölgədəki təsirini məhdudlaşdırmaq üçün ŞƏT-i yaradıb. Hindistan və Pakistan qrupa 2017-ci ildə qoşulub. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın da daxil olduğu ŞƏT-ə üzv olan bütün dövlətlər BMT-nin Rusiyaya qarşı sanksiyalarının lehinə ya bitərəf qalıb, ya da səs verməyib.

Tədbirə ev sahibliyi edən Hindistan terrorla mübarizə tədbirləri, ticarət, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, narkotik ticarəti, ərzaq təhlükəsizliyi və çirkli pulların yuyulması ilə bağlı vədlər şəklində bəzi real nəticələr əldə etmək istəyir. Görüş virtual olaraq keçirilir, ona görə də ikitərəfli razılaşmalar müzakirə mövzusu deyil. Lakin bu, Hindistan üçün böyük diplomatik ildir, çünki sentyabrda G20 liderlərinin sammitinə də ev sahibliyi edəcək. İki forumun fərqli prioritetləri və geosiyasi ittifaqları var və bu, Dehli üçün böyük problem yaradır.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə