Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Aleksandr Şulqa bu gün Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Kiyevin “Georgian Airways” və onun təsisçisi Tamaz Qayaşviliyə qarşı tətbiq etdiyi sanksiyalar müzakirə olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili Ukrayna hakimiyyətinin qərarını qəti şəkildə qəbuledilməz və “ siyasi motivli adlandırmışdı.
Maraqlıdır ki, gürcü nazir hətta bir az giley də edib, Ukrayna rəhbərliyinin Rusiyaya uçuşlar həyata keçirən digər ölkələrin aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etmədiyini xatırladıb.
“Təəssüflər olsun. Deməliyəm ki, biz Ukrayna rəhbərliyinin növbəti qeyri-dost qərarının şahidi olduq”.
Bunu Davitaşvili bildirib.
Sanksiyalara məruz qalan Tamaz Qayaşvili isə Ukrayna prezidentinin ədalətsiz və əsassız qərarından sonra Gürcüstan hökuməti tərəfindən ani və “zerkalnı” cavab veriləcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Georgian Airways”ə qarşı 10 il müddətinə tətbiq etdiyi sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının dayandırılmasını, uçuşların və Ukrayna ərazisindən tranzitin dayandırılmasını, lisenziyaların və digər icazələrin ləğvi və s. nəzərdə tutur.
Aviaşirkətin təsisçisi Tamaz Qayaşviliyə qarşı isə, ruslar demiş “personalnıy” sanksiyalar tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB