Antonio Tayaninin Fransadakı kütləvi iğtişaşlarla bağlı xəbərdarlığı

Antonio Tayaninin Fransadakı kütləvi iğtişaşlarla bağlı xəbərdarlığı

Fransa prezidenti Emmanuel Makron hökumətə asayişi bərpa etmək üçün hər şeyi etməyi tapşırıb.

SİA-nın əldə etdiyi məlumata görə, ölkədə polisin Əlcəzair əsilli yeniyetməni öldürməsindən sonra başlayan iğtişaşlar davam edir.

Emmanuel Makron ölkədəki vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Jerald Darmanen ilə görüşüb.

Nazirlərə asayişi və sakitliyi bərpa etmək üçün hər şeyi etməyi tapşırarkən, Makron onları Fransada baş verənlərlə bağlı uzunmüddətli araşdırmaya başlamağa çağırıb.

Daxili İşlər Naziri Jerald Darmanen tvitter hesabından etdiyi paylaşımda Saint-Deni şəhərindəki yeraltı avtomobil parkında çoxlu avtomobilin yandırıldığını, yanğına müdaxilə edən 24 yaşlı yanğınsöndürənin xilas edilə bilmədiyini bildirərək yanğınsöndürənin ailəsinə və yaxınlarına başsağlığı verib.

Fransa Daxili İşlər Nazirliyinin verdiyi məlumatlara görə, gecə saatlarında iğtişaşlarda 3 polis və jandarm yaralanıb.

Neuilly-sur-Marne şəhərində polis etirazçılara gözyaşardıcı qazla cavab verib.

Lion şəhərində polis ifrat sağçı qrupu bibər qazı ilə dağıdıb.

Ölkə üzrə 157 nəfər saxlanılıb, etirazların başladığı 27 iyundan indiyədək saxlanılanların sayı üç mini keçib.

Digər tərəfdən, İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani Fransada kütləvi iğtişaşların fransızdilli ölkələrə yayılacağı riski barədə xəbərdarlıq edib.

XİN rəhbəri bunu “Rai3” telekanalının efirində bildirib.

“Biz bu zorakılığın yağ ləkəsi kimi İsveçrə və Belçikaya yayılmasının qarşısını almalıyıq”, - deyə Tayani qeyd edib.

Diplomat qeyd edib ki, qətlə yetirilən gəncin nənəsi Fransada etiraz aksiyaları ilə bağlı sülh çağırışı edib. Bundan əlavə, XİN rəhbəri hesab edir ki, etirazlara rəvac verən şəxslər təcrid olunmalıdır. A.Tayaninin qənaətincə, iğtişaşlarda manipulyasiya elementi hiss olunur.

Qeyd edək ki, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı son üç gündə Fransa polisi üç mindən çox nəfəri saxlayıb.

Bundan əlavə, Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, yerli vaxtla saat 21.00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə