Priqojin Afrikaya qaçmasa,..öldürüləcək..?

Belə görünür ki, “Vaqner” hərbi şirkətinin rəhbəri Belarusda uzun müddət qala bilməyəcək və əgər, doğrudan da, o, Belarusdadırsa...
Priqojin Afrikaya qaçmasa,..öldürüləcək..?

...Kremlə meydan oxuyan “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin uğursuz çevrilişindən sonra Belarusdadır? Təbii ki, sual işarəsini ona görə qoyuram ki, belə deyilir.

Maraqlıdır, muzdluların lideri kimi tanınan 62 yaşlı keçmiş aşbaz, bu günün isə milyarderinin növbəti addımı nə olacaq?

Əvvəla etiraf edilməlidir ki, o vaxtilə Afrikada liderləri ilə oyunlarından tutmuş, Ukraynanın Baxmut şəhərini viran qoyana qədər bir sıra çətin işlərin öhdəsindən gəlib. Amma belə görünür ki, bütün bu xidmətlərini rəhbərlik qarşısında artıq ayaqlamış oldu. Ona görə də, indi onun əvvəlki xidmətlərinə, bizlərdə deyildiyi kimi, “bir quş”!

İndi Rusiya Silahlı Qüvvələrinə meydan oxuduğu və Rusiyada böyük siyasi böhrana səbəb olduğu uğursuz üsyandan sonra “Vaqner” rəhbəri ən çətin vəzifəni yerinə yetirməlidir. Nəyi?

Təbii ki, sağ qalmaq üçün ya da həbsxanaya getməlidir, ya da dabanına tüpürüb aradan çıxmalıdır. Əslində, sağ qalmaq üçün həbsxanaya getməsi də elə inandırıcı görünmür. Çünki Priqojin kimilərin həbsxanada təsadüfi ölümün qurbanı olması barədə çox yazılıb.

Kreml sözçüsü Peskovun Priqojin və ümumiyyətlə “Vaqner”çilərə dövlət tərəfindən sözdə verilən toxunalmazlıq, bəraət də, deyim ki, inandırıcı görünmür.

Çünki bir vaxt bundan əvvəl Rusiya prezidenti Vladimir Putin rəsmi olaraq Priqojinə bağışlana bilməyəcək yeganə şey onun xəyanəti olduğunu bəyan edib.

Qeyd edək ki, “Vaqner”in Moskvaya yürüşündən və sonradan Belarus lideri Aleksandr Lukaşenko tərəfindən “dilə tutulub” bu yürüşü dayandırtdıqdan dörd gün sonra da Priqojinin harada olduğu bəlli deyildi.

Doğrudur, iyunun 27-də Lukaşenko Priqojinin Belarusda olduğunu açıqlasa da, amma bunun müstəqil təsdiqi yox idi.

Maraqlıdır ki, bəzi Qərb yazarları, Priqojinin Belarusda qalacağı təqdirdə “Vaqner” qüvvələrinin onu sonadək müdafiə edəcəklərinə şübhə edirlər.

Məsələn, döyüşçülərinin yalnız 2 faizinin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa hazır olduğunu deyən Priqojindən fərqli olaraq, dövlət televiziyası ilə çıxış edən Putin “Vaqner”çilərin artıq rəhbərlərini (...təbii ki, Yevgeni Priqojin nəzərdə tutulur-A.B.) tərk edərək Ukraynada hələ də kadr problemi ilə üzləşən Rusiya ordusuna qoşulmağa “can atdıqlarını” deyib.

Yenə də bəzi Qərb yazarları, Putinin Priqojinin öz döyüşçüləri ilə Belarusda məskunlaşmasına icazə verib və sonradan buna dözəcəyinə inanmırlar. Belə ki, Priqojin Belarusda qalacağı təqdirdə təhlükə hər an onu izləmiş olacaq.

Ona görə də onu tək bircə yolu qalır,..qaşıb aradan çıxmaq?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə