Moskva məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçukun həbs müddətini sentyabrın 10-dək uzadıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mediazona” məhkəmə zalından yayıb.
Qeyd edək ki, məhkəmədə onlara dəstək olmaq üçün Nobel mükafatı laureatı Dmitri Muratov da daxil olmaqla 30-a yaxın adam gəlib.
Amma nə xeyri?
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Daha əvvəl Berkoviç xüsusi qayğıya ehtiyacı olan övladlığa götürdüyü iki qızı anasından ayırmamalı olduğunu bildirib.
...Onlar həyatlarının çoxunu uşaq evində keçiriblər, bilirlər ki, əgər ana həbsdədirsə, deməli ana geri qayıtmayacaq.
Vəkil Petriyçuku da qoca valideynlərinin yeganə çörək gətirəni kimi təqdim edib.
Amma çifayda.
Qeyd edək ki, Berkoviçlə Petriyçuku mayın əvvəlində Petriyçukun eyniadlı pyesi əsasında Berkoviçin səhnələşdirdiyi "Finist aydın şahin” tamaşasına görə həbs ediblər. İttihamçıların iddiasına görə, tutulanlar terrora haqq qazandıran cinayət maddəsi ilə həbs ediliblər.
Onu da qeyd edək ki, tamaşa radikal İslamın tərəfdarları ilə virtual olaraq evlənmək və onlarla birlikdə Suriyaya getməyə qərar verən rus qadınlarından bəhs edir.
Maraqlıdır ki, 2022-ci ildə tamaşa Rusiyanın əsas teatr mükafatı olan "Qızıl maska" üçün iki nominasiya qazanmışdı.
Yeri gəlmişkən, bu gün onlarla mədəniyyət xadimi, hüquq müdafiəçisi və fəal çıxış edərək tamaşaya görə 5 ilə qədər həbs cəzası gözlənilən Berkoviç və Petriyçuku müdafiə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB