Türkmənistanda ilk ağıllı şəhərin açılışı oldu

Prezident Sərdar Berdiməhəmmədov lenti kəsərək şəhəri açıb və qonaqlarla birlikdə bir sıra binalarını gəzib
Türkmənistanda ilk ağıllı şəhərin açılışı oldu

Türkmənistanda qabaqcıl texnologiyalardan istifadə edilməklə ağıllı şəhər konsepsiyasına uyğun olaraq inşa edilən Arxadağın açılışı olub.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Aşqabadın 30 kilometr cənub-qərbində yerləşən Arxadağ şəhərinin açılış mərasimində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Odalar və Birjalar Birliyi – TOBB-un sədri Rifat Hisarcıklıoğlu, diplomatik nümayəndəliklərin nümayəndələri, mətbuat mənsubları və çox sayda qonaq iştirak ediblər.

Prezident S.Berdiməhəmmədov “Akxan” abidəsinin yanında şəhərin açılışını bildirən rəmzi lenti kəsib, sonra şəhərin Arxadağ əsas meydanında təntənəli yürüş keçirilib, daha sonra ölkə başçısı qonaqlarla birlikdə bir sıra tikinti obyektlərini gəzib.

Ağıllı şəhərdə Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Reabilitasiya Mərkəzi də açılıb.

Ağıllı şəhər Arxadağın statusu “dövlət şəhəri” olaraq qəbul edilib.

Qeyd edək ki, Aşqabaddan 30 kilometr cənub-qərbdə yerləşən Arxadağın tikintisinə 2019-cu ildən başlanılıb. Ahal vilayət inzibati mərkəzinin təməlqoyma mərasimində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Yeni şəhərdə təxminən 70 min insan yaşayacaq. Şəhərin tikintisi iki mərhələ üzrə aparılır. İki mərhələdə 400-dən çox kottec və çoxmərtəbəli evlərin tikilməsi planlaşdırılır ki, burada uşaqların yaşaması, istirahəti, tərbiyəsi üçün ən yaxşı şərait yaradılacaq.

Tikintinin birinci mərhələsi çərçivəsində 336 müasir bina, o cümlədən iki və çoxmərtəbəli yaşayış binaları, ictimai, təhsil, tibbi və mədəni obyektlər, idman qurğuları və mühəndislik sistemləri inşa edilib.

Şəhərdə ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növləri – elektrik avtobuslar və elektrik taksilər hərəkət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə