Saakaşvili Şimali Qafqaz xalqlarını "ayağa qalxmağa" çağırıb

Saakaşvili Şimali Qafqaz xalqlarını "ayağa qalxmağa" çağırıb

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Şimali Qafqaz xalqlarına müraciət edib. Sosial şəbəkədə yayımlanan müraciət “vaxt yetişdi” sözləri ilə başlayır. Saakaşvili, son hadisələrin Moskvadakı rejimin hədsiz zəifliyini göstərdiyini deyir.

...İndi biz həmişəkindən daha çox imam Şamilin, Baysanqurun, Cövhər Dudayevin, milyonlarla müqavimət qəhrəmanlarının ruhunu diriltməliyik. Çünki azadlıq onlar üçün ən yüksək dəyər idi, çünki Rusiya həmişə bu genetik kodu boğmağa çalışıb.

Qeyd edək ki, bunları yazan Saakaşvili, müraciətində 2011-ci ildə Gürcüstanın Çərkəz soyqırımını tanımasını, onun hakimiyyəti altında olan Şimali Qafqaz sakinləri üçün vizasız rejim tətbiq etməsini və Birinci Qafqaz telekanalının fəaliyyətə başlamasını qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, Saakaşvili Kiyevdə “Azad Qafqaz Təşkilatının daimi katibliyi”nin yaradılmasını da təklif edib.

Qeyd edək ki, o, Ukrayna hakimiyyətinin onu dəstəkləyəcəyinə əmindir. Siyasətçi, Rusiyada Putin rejiminin süqutundan sonra Gürcüstanda da hakimiyyətin dəyişəcəyini, Azərbaycanla Ermənistan arasında barışıq perspektivləri yaranacağını bildirib.

Maraqlıdır ki, daha əvvəl Gürcüstan siyasətinə qayıtdığını elan edən Saakaşvili müraciətini “Qafqazın oğlu və Ukraynanın qürurlu vətəndaşı” kimi imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə