“Mühacirlərin də həyatı “Titan”da həlak olanlar qədər qiymətlidir”

BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib...
“Mühacirlərin də həyatı “Titan”da həlak olanlar qədər qiymətlidir”

Birləşmiş Millətlər Təşkilatı turistik sualtı "Titan"da həyatını itirən 5 adamın yüzlərlə ölən miqrantdan daha çox diqqət toplamasına "Bütün həyatlar qiymətlidir, lakin hökumətlər immiqrantları qorumaq üçün daha ciddi səy göstərməlidir" deyə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: “Media “Titan”da həyatını itirən 5 adamla ölən yüzlərlə mühacirdən daha çox maraqlandı. Bütün insanlar üçün xilasetmə səylərinə hörmətlə yanaşırıq, həyatlar qiymətlidir, lakin hökumətlər miqrantları qorumaq üçün daha ciddi səy göstərməlidir. Mühacirlərin də həyatı “Titan”da həlak olanlar qədər qiymətlidir”.

ABŞ-ın 44-cü prezidenti Barak Obama da “Titanik”in qalıqlarını görmək üçün turistik sualtı qayıqla okeanın dibinə endikdən sonra siqnalı kəsilən qrupun hekayələrinə böyük maraq göstərən, lakin Yunanıstan sahillərində miqrant qayığı faciəsinə kifayət qədər əhəmiyyət verməyən Qərb mediasını tənqid edib.

Bir çox sosial media istifadəçisi bu iki hadisənin fotoşəkillərini yan-yana qoyaraq bir sualtı qayıqda 5 nəfərin itdiyi, Yunanıstan sahillərində isə 82 nəfərin öldüyü, 500 immiqrantın isə taleyinin naməlum olduğuna diqqət çəkərək ayrı-seçkiliyi göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə