Yunanıstandakı seçkilәr vә müsәlman-türk azlığı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun ''Yunanıstandakı seçkilәr vә müsәlman-türk azlığı'' ilә bağlı qәlәmә aldığı mәqalәsi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Yunanıstandakı seçkilәr vә müsәlman-türk azlığı

Yunanıstanda bir ay ərzində ikinci dəfə seçkilər keçiriləcək. İyunun 25-də keçiriləcək seçkilərlə bağlı aparılan sorğulara görə, mühafizəkar Yeni Demokratiya Partiyası (Nea Demokratia) bu seçkilərdə də öndədir və yəqin ki, bu dəfə təkbaşına hökuməti formalaşdırmağa nail olacaq.

Yunanıstandakı seçkilərdə Yeni Demokratiya Partiyası üçün əlverişli vəziyyət yaranıb. Lakin iyunun 25-də keçiriləcək seçkilərdə türk azlığı məsələsi daxili siyasi mübahisə mövzusuna çevrilib. Türk azlığının hüquqlarının hədəf alınması ciddi narahatlıq doğurur.

Yeni Demokratiya Partiyası iyunun 25-də Yunanıstanda keçiriləcək seçkilərərdə gücləndirilmiş proporsional seçki sisteminin köməyi ilə seçicilərin əksəriyyətinin səsini toplaya bilər və təkbaşına hökuməti formalaşdırmağa nail ola bilər. 2023-cü ilin may ayında keçirilən seçkilərdə Yeni Demokratiya Partiyasının rəqibi SİRİZA partiyasına səs verənlərin sayının azaldığı müşahidə olunub. SİRİZA partiyası türklərin kompakt yaşadığı Yunanıstanın Radop inzibati bölgəsində yerləşən Gümülçine (Komotini) və Şapçi şəhərlərində səs verənlərin sayına görə lider idi.

Bu çərçivədə Yunanıstanda davam edən daxili siyasi mübarizədə türklər hədəfə çevrilib. Xüsusilə, Yeni Demokratiya Partiyası türklər və əlaqəli namizədlər vasitəsilə rəqib partiyaları hədəf alır. Baş nazir və hakim Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakis Türkiyenin Yunanıstanda keçirilən parlament seçkilərinə müdaxilə etdiyini və Türkiyənin Gümülçinedəki Baş Konsulluğunun ana müxalifət partiyası olan SİRİZA-nın türk əsilli iki namizədi üçün təbliğat apardığını iddia edib.

SİRİZA partiyasının lideri Aleksis Tsipras isə hökumətin hədəfinə çevrilən türk əsilli millət vəkilləri Hüseyn Zeybek və Özgür Ferhatı siyahının ilk pilləsinə yerləşdirib. Aleksis Tsipras Miçotakisin türk azlığını seçki mövzusuna çevirdiyini və bunun çox təhlükəli olduğunu bildirib. Yeni Demokratiya Partiyası mayın 21-də keçirilən seçkilərdə səslərin 40 faizini toplasa da, Qərbi Trakya türklərinin kompakt yaşadığı Radop bölgəsində istədiyinə nail ola bilməmişdi.

Yeni Demokratiya Partiyası Radop bölgəsindəki nəticənin Türkiyə konsulluğunun SİRİZA partiyasının türk əsilli namizədlərə verdiyi dəstəkdən qaynaqlandığını iddia edərək, türk azlığını hədəf aldı. SİRİZA partiyasının Qərbi Trakyada yaşayan türk azlığı ilə bağlı mövqeyi Yeni Demokratiya Partiyasından fərqlidir. Türk azlığının problemlərinə daha çox diqqət yetirdiyi üçün Türkiyəyönlü obraz yaratmağa çalışırlar.

Yunanıstandakı tür azlığı…

Türkiyə və Yunanıstanın tərəfdar çıxdığı müqavilələrə əsasən, Qərbi Trakyadakı (BTTA) türk əhalisi iki ölkə arasında məcburi mübadilədən kənarlaşdırılıb. Bu çərçivədə hazırda Qərbi Trakyada yüz minlərlə müsəlman-türk azlığı yaşayır. Qərbi Trakyaya Rodop, İskeçe və Meriç bölgələri daxildir. 1923-cü ildə bağlanan Lozanna sülh müqaviləsi ilə Qərbi Trakyada yaşayan türklərə “azlıq” statusu verilib. Lakin Türkiyə-Yunanıstan münasibətlərinin gedişi ilə paralel olaraq Qərbi Trakyadakı türk azlığı üzvlərinin “azlıq hüquqları” mövzusunda ciddi problemlər yaşanmaqda davam edir. Xüsusilə təhsil və dini azadlıqlar mövzusunda problemlərin yaşandığını görmək mümkündür.

Yunanıstan administrasiyası Lozanna Sülh Müqaviləsində “Türk azlığı” ifadəsinin yer almadığını iddia edərək, azlığın öz etnik kimliyini müəyyən etmək hüququnu qəbul etmir. Keçirilən son seçkilərdə olduğu kimi, Qərbi Trakyada yaşayan türklər çox vaxt daxili siyasi müzakirə və mübarizə mövzusuna çevrilir. Yunanıstanlı siyasətçilər daha diqqətli olmalı, türklərin azlıq hüquqlarına hörmət etməli və türk azlığını daxili siyasət mövzusuna çevirməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə