Qətər Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir - Baş Nazir

Qətər Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir - Baş Nazir

Qətər hakimiyyəti Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir və tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Kasim Əl-Tani Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdə deyib.

Görüş zamanı Qətərin baş naziri və xarici işlər naziri Qətər Dövlətinin Rusiya-Ukrayna böhranının dialoq və diplomatik vasitələrlə sülh yolu ilə həllinin tapılması və gələcək gərginliyin qarşısını almaq üçün bütün beynəlxalq səyləri dəstəkləmək mövqeyini bir daha təkrarlayıb.

Görüş zamanı ikitərəfli münasibətlər və bir sıra regional və beynəlxalq məsələlər, xüsusilə Rusiya-Ukrayna böhranı, İranın nüvə faylı, Fələstin, Yəmən və Suriyadakı hadisələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, çərşənbə günü Əl-Tani Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb. Danışıqlardan sonra Mişustin bildirib ki, Rusiya və Qətər 160 milyard rubldan çox (təxminən 1,9 milyard dollar) dəyərində birgə layihələr üzərində işləyir, Moskva ilə Doha arasında əməkdaşlıq qlobal qaz bazarında tarazlığı təmin edir. Qətər rəsmisi öz növbəsində Rusiyanın bütün dünyada enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rolunu qeyd edib.

Cümə axşamı Qətərin baş naziri Əl-Tani Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Rusiya lideri ilə görüşdə Qətərin baş naziri Dohanın Moskva ilə müxtəlif sahələrdə əməkdaşlıq və koordinasiyanı gücləndirmək niyyətində olduğunu bildirib, Qətər və Rusiyanın enerji və ərzaq təhlükəsizliyi sahəsində ortaq maraqlarının olduğunu vurğulayıb.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə