İqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmaq qərarı

İqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmaq qərarı

Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və NATO iqlim dəyişikliyinin qlobal təhlükəsizliyə təsirləri ilə birgə mübarizə aparmaq üçün səyləri artırmaq qərarına gəliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell, ABŞ-ın iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, NATO-nun baş katibi Yens Stoltenberq və Aİ komissiyasının sədri Frans Timmermans iqlim dəyişikliyinin sülh və təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib və ortaq yazılı bəyanat veriblər.

Bəyanata görə, tərəflər iqlim dəyişikliyinin dünya üçün ekzistensial təhlükə olduğunu, həmçinin təhlükəsizlik və müdafiə üçün mənfi təsirlər daşıdığını bildiriblər. Bu məqsədlə NATO və Avropa İttifaqı iqlim dəyişikliyinin təhlükəsizliyə təsirlərini aradan qaldırmaq, məsələyə dair intensiv dialoq imkanlarını araşdırmaq üçün əməkdaşlığı gücləndirməyə davam etmək qərarına gəliblər.

Tərəflər NATO-nun iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək zirvə toplantısında iqlim dəyişikliyi və ətraf mühitin pisləşməsinin təhlükəsizlik aspektləri, enerji səmərəliliyi, hərbi fəaliyyətlər və obyektlərdə istixana qazı emissiyalarının ölçülməsi və azaldılması kimi operativ informasiya üzrə əməkdaşlıq imkanlarını müəyyən etmək barədə razılaşıblar.

Avropa İttifaqı, ABŞ və NATO bu məsələlərlə bağlı yüksək səviyyəli görüşləri davam etdirmək qərarına gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə