Türkiyənin xarici işlər naziri Londonda ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Londonda ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Ukraynanın bərpası üzrə konfrans çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Ukrayna böhranı, ikitərəfli əlaqələr və NATO-nun iyulda Vilnüs şəhərində keçiriləcək sammiti ilə bağlı məsələlər müzakirə edilib.

“Biz Ukraynaya dəstəyimizi nümayiş etdirmək üçün Londondayıq. Bununla yanaşı, ikitərəfli və beynəlxalq məsələləri və həm NATO çərçivəsində, həm də digər formatlarda əməkdaşlıqla bağlı problemləri müzakirə edəcəyik”, - deyə Hakan Fidan ABŞ dövlət katibi ilə görüşündə bildirib.

Bir müddət öncə Türkiyənin xarici işlər naziri Londondakı konfrans çərçivəsində Avstriya, İtaliya, Almaniya, Danimarka və bir sıra digər ölkələrdən olan həmkarları ilə danışıqlar aparıb.

Qeyd edək ki, iyunun 21-də Londonda Ukraynanın bərpası üzrə ikinci konfrans işə başlayıb. Birləşmiş Krallığın baş nazirinin dəftərxanasından verilən məlumata görə, ikigünlük tədbirdə dünyanın 61 ölkəsindən mindən çox xarici qonaq, o cümlədən qeyri-hökumət təşkilatlarının və biznesin nümayəndələri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə