Trampın vəkillərinə bu qadağalar qoyuldu

Trampın vəkillərinə bu qadağalar qoyuldu

ABŞ-ın Florida ştatında hakim Brius Reinhart keçmiş prezident Donald Trampın vəkillərinə məxfi sənədlərlə bağlı sübutları mediaya və ya ictimaiyyətə açıqlamağı qadağan edən sərəncam verib. SİA “Reuters”ə istinadən xəbər verir ki, hakimin əmri Trampın materiallara əli çatmasına ciddi qadağalar qoyur.

Sərəncamda deyilir: “Kəşfiyyat materialları və o materiallardan əldə edilən hər hansı məlumatla birlikdə ABŞ hökümətinin və ya məhkəmənin əvvəlcədən xəbərdarlığı və razılığı olmadan ictimaiyyətə və ya mediaya açıqlanmamalı, hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”.

Həmçinin qeyd edilib ki, Tramp nüsxələri saxlamayacaq və o, iş materiallarına yalnız vəkilin və ya müdafiə müşaviri heyətinin üzvünün birbaşa nəzarəti altında baxa bilər. 2024-cü ildə Respublikaçıların prezidentliyə namizədliyi üçün öndə olan namizəd Tramp bu ayın əvvəlində federal ittihamlarla ittiham olunub. O, Ağ Evi tərk etdikdən sonra məxfi dövlət sənədlərini qanunsuz saxlamaqda və məsələnin federal təhqiqatına mane olmaqda ittiham olunub.

Tramp isə məhkəmədə 37 maddənin hamısı üzrə özünü təqsirli bilməyib. Tramp qutularda jurnal məqalələri, şəxsi əşyalar və sənət əsərlərinin olduğunu iddia edib. Ədliyyə Nazirliyi məhkəməyə bildirib ki, qutularda İrana hücum planı da daxil olmaqla çox məxfi sənədlər olub.

Keçmiş prezident, həmçinin, Nyu-York şəhər prokurorları tərəfindən porno ulduza susdurulmaq üçün pul ödəməsi ilə bağlı da ittiham olunur. Tramp həmçinin ABŞ-ın Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişdirmək səyləri ilə bağlı da araşdırılır.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə