Bu arada Rostov-na-Donu məhkəməsi Krım tatar fəalı Ənsar Osmanovu 20 il sərt rejimli koloniyaya məhkum edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, terror təşkilatının fəaliyyətini təşkil etməkdə və hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlamaqda təqsirli bilinib.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Osmanov “Hizb-ut-Təhrir” İslam hərəkatına mənsub olub. Qeyd edək ki, məhkəmə prokurorluğun tələb etdiyindən daha yüksək cəza təyin edib. Belə ki, ittiham tərəfi 18 il həbs istəyib.
İstintaq hesab edir ki, hərəkatın iclaslarında təbliğatın köməyi ilə Rusiyanın siyasi sistemini və dövlət quruluşunu dəyişmək, habelə terror təşkilatı ideyalarının əleyhdarlarına qarşı müharibə aparmaq niyyətləri müzakirə olunub.
Osmanovun vəkili Emil Kürbədinovun sözlərinə görə, belə qəddar cəza Osmanovun aktiv fəaliyyətinə görə Rusiya xüsusi xidmət orqanlarının ondan qisas almasıdır. Krım Həmrəyliyi hərəkatının üzvü Osmanov mütəmadi olaraq Krım tatarlarına qarşı siyasi motivli məhkəmələrdə iştirak edirdi.
Onuda qeyd edək ki, ağac üzərində oyma işiylə məşğul olan Osmanovun ailəsində beş uşaq böyüyür.
Yeri gəlmişkən, “Hizb ut-Təhrir” beynəlxalq İslam dini hərəkatıdır. Hərəkat dünyanın bir çox ölkəsində qanuni olsa da, 2003-cü ildən Rusiyada terror təşkilatı kimi tanınaraq qadağan edilib.
Onu da qeyd edək ki, 2014-cü ildən bəri ruslar “Hizb-ut-Təhrir işi” çərçivəsində 70-dən çox adamı həbs ediblər. Xatırladaq ki, “Memorial” İnsan Hüquqları Mərkəzi rusların təqibini siyasi motivli hesab edir, çünki 2014-cü ildə Krım tatarları Krımın Rusiyaya birləşdirilməsinə qarşı çıxıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB