Ufa məhkəməsi 17 yaşlı yerli sakini Rusiyada tanınan terror təşkilatının fəaliyyətində iştirak etmək ittihamı ilə həbs edib.
İstintaqın məlumatına görə, yeniyetmə Rusiya hakimiyyətinin terrorçu elan etdiyi “Artpodqotovka” hərəkatının üzvləri ilə internetdə yazışıb.
“Azyaşlı xüsusilə “Artpodqotovka”nın Rusiya Federasiyası ərazisində planlaşdırdığı, dövlət orqanlarının fəaliyyətinin sabitliyini pozmağa və sonradan hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş saxta aksiyalar və terror aktları ilə maraqlanıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin press-relizində belə deyilir.
Qeyd edək ki, “Artpodqotovka” hərəkatını Saratov siyasətçisi Vyaçeslav Maltsev təşkil edib. 2017-ci il oktyabrın 5-də o, rusları öz şəhərlərinin meydanlarına həmin gün çıxmağa çağıraraq, “qondarma inqilab” təyin etmişdi.
Bundan sonra Maltsev tərəfdarları bütün Rusiya boyu, hətta tək piketlərə görə belə həbs olunublar. Onlar barədə cinayət işi açılaraq təqsirləndirilənlərin çoxu uzun müddətə azadlıqdan məhrum edildi.
Hazırda Rusiya Ali Məhkəməsi “Artpodqotovka” hərəkatını ekstremist təşkilat kimi tanıyıb. Maltsev özü də ekstremizmə təhrik ittihamı ilə qiyabi həbs edilib, lakin o, Rusiyanı tərk edə bilib.
Marqlıdır ki, hazırda bir sıra müxalifətçilər onu Federal Təhlükəsizlik Xidmətində işləmiş təxribatçı hesab edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB