Rusiyada "cinsiyyət dəyişikliyi" qadağan edilir..?

Rusiyada "cinsiyyət dəyişikliyi" qadağan edilir..?

Rusiya Dövlət Duması çərşənbə günü birinci oxunuşda cərrahiyyə yolu ilə "cinsiyyət dəyişikliyi" imkanını tamamilə istisna edən qanun layihəsini qəbul edib. Sənədlərdə cinsiyyət işarəsinin qanuni dəyişdirilməsinin də qadağan edilməsi təklif edilir. “Sağlamlığın qorunması haqqında” və “Vətəndaşlıq vəziyyəti aktları haqqında” qanunlara müvafiq dəyişikliklər edilməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qanunun qəbulunun lehinə 450 deputatdan 365-i səs verib.Əleyhinə və ya bitərəf səsə malik olmayıb, qalan deputatlar səsvermədə iştirak etməyiblər. Eyni zamanda, layihə Dövlət Dumasına təqdim olunanda 400 deputat tərəfindən imzalanıb.

Qanun layihəsinə əsasən, transgender keçidi çərçivəsində əməliyyatlara yalnız “uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi” üçün icazə veriləcək. Bunun üçün isə dövlət səhiyyə müəssisəsinin tibbi komissiyasının müvafiq qərarı tələb olunacaq.

Beləliklə, əgər qanun qüvvəyə minərsə, bu halda Rusiyadakı transgenderlər ehtiyac duyduqları transgender keçidini həyata keçirmək imkanından tamamilə məhrum olacaqlar.

Maraqlıdır ki, Rusiyanın hüquq müdafiəçiləri bu qanun layihəsini kəskin tənqid ediblər. Mütəxəssislər hesab edir ki, bu, psixi pozğunluqların və intiharların sayının artmasına, həmçinin gizli tibbi xidmətlər üçün qara bazarın yaranmasına gətirib çıxaracaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə