Türkiyə və Şimali Kipr prezidentləri görüşdü

Türkiyə və Şimali Kipr prezidentləri görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərini etmək üçün Qıbrıza - Şimali Kipr Türk Respublikasına getdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, adada baş verən regional və qlobal proseslər ətraflı müzakirə edilib.

Türkiyə prezidenti Qıbrızın paytaxtı Lefkoşadakı Atatürk abidəsini ziyarət edib, əklil qoyub, xatirə dəftərini yazıb, sonra onu gözləyən vətəndaşları salamlayıb.

Daha sonra Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası prezidenti Ersin Tatarla görüşüb. Prezident Aparatında iki ölkə başçısının təkbətək görüşü 1 saata yaxın sürüb. Görüşdə Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edib.

Qeyd edək ki, Ərdoğan iyunun 13-də Azərbaycana gedəcək, həmkarı İlham Əliyevlə təkbətək və heyətlərarası görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişafı üçün atılacaq növbəti addımları müzakirə edəcək.

Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə