Rusiya Müdafiə Nazirliyi "Axmat" dəstəsi ilə ilk müqavilə imzaladı

Priqojin isə müqavilə imzalamayacağını deyib
Rusiya Müdafiə Nazirliyi "Axmat" dəstəsi ilə ilk müqavilə imzaladı

Rusiya Müdafiə Nazirliyi və “Axmat” xüsusi təyinatlı dəstəsi xüsusi əməliyyat zonasında könüllü birləşmələrin fəaliyyətini müəyyən edən ilk müqavilə imzaladılar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər nazirliyin Telegram kanalında yayımlanıb.

Qeyd edək ki, imzalanma müdafiə naziri Sergey Şoyqunun könüllü birləşmələrin xidmətinin təşkili ilə bağlı əmrindən sonra baş tutub.

Beləliklə, müqaviləni Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim və Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin direktoru Adam Daşayev imzalayıblar.

Kimin sözlərinə görə, bu gün xüsusi əməliyyat zonasında bir çox bölmələr, könüllü dəstələr və digər hərbi birləşmələr iştirak edir. Onların effektivliyini artırmaq üçün bütün könüllü dəstələrin xidməti fəaliyyətinin qaydasını müəyyən edən bu əmr verilmişdir.

Xatırladaq ki, bundan əvvəl Ramzan Kadırov Çeçenistanda Müdafiə Nazirliyinin iki yeni “Axmat-Rusiya” və “Axmat-Çeçenistan” alayı yaradıldığını və onların yaxın vaxtlarda Ukraynada xüsusi hərbi əməliyyat zonasına gedəcəyini bildirmişdi.

Ramzan, həmçinin hazırda 78-ci “Şimal-Axmat” motoatıcı alayının Maryinski istiqamətində döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə