Putin Ukraynanın hücumunun başladığını iddia edir

Putin Ukraynanın hücumunun başladığını iddia edir

Rusiya prezidenti Vladimir Putin, Ukrayna hərbçilərinin rus qoşunlarının mövqelərinə hücuma başladığını, lakin hələ ki, heç nəyə nail olmadıqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanat xüsusilə Zaporojye vilayətində, eləcə də Baxmut yaxınlığında inadkar döyüşlərin getdiyi barədə xəbərlər fonunda verilib.

Bəzi məlumatlara görə, Ukrayna hərbçiləri Rusiya müdafiəsini yarmaq üçün bir sıra cəhdlər edib. Eyni zamanda, Kiyev son bir neçə ayda hazırlığı müzakirə edilən hücumun artıq başladığını rəsmən inkar edir.

Putinin sözlərinə görə, Ukrayna strateji ehtiyatlardan istifadə edir və klassik göstəricini keçərək böyük itkilər verir. Rusiya prezidenti iddia edir ki, Ukrayna qoşunları heç bir sektorda öz məqsədlərinə nail olmayıblar, lakin hələ də hücum potensialını saxlayırlar.

Qeyd edək ki, Ukrayna qoşunlarının bir sıra ərazilərdə hücuma keçməsi ilə bağlı mesajlar iyunun əvvəlində yayılıb. Son günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqu yaşananları bir neçə dəfə şərh edərək, çoxlu sayda Ukrayna itkilərini - minlərlə insanın həlak olduğunu, yüzlərlə zirehli texnikanın vurulduğunu göstərib.

Əslində həmişə belə olub, yəni döyüşdə iştirak edən tərəflər, bir qayda olaraq, düşmənin itkilərini şişirdirlər.

Onu da qeyd edək ki, Vladimir Putin cəbhədəki cari hadisələri nadir hallarda şərh edib.

Əvvəllər o, rus qoşunlarının Xarkov vilayətində mövqelərini itirməsi və ya ötən payızda Xersonu tərk etməsi ilə bağlı şərh vermədən, “xüsusi hərbi əməliyyat plan üzrə gedir” kimi bəyanatlarla məhdudlaşırdı.

Yeri gəlmişkən Ukrayna tərəfi nə hücuma keçdiyi, nə də itkilər barədə rəsmi məlumat verməyib. Ukrayna nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bir sıra sektorlarında hücum əməliyyatları apardığını, lakin bu əməliyyatların taktiki xarakter daşıdığını bəyan ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə