Dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən daha 4 nəfər həbs edilib

Dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən daha 4 nəfər həbs edilib

Bişkekin Pervomayski Rayon Məhkəməsi iyunun 5-də “Hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdırmaqda” şübhəli bilinən dörd nəfəri, o cümlədən “Eldik Keneş” partiyasının rəhbəri Roza Nurmatovanı həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun Qırğızıstan xidməti məlumat yayıb.

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin müstəntiqlərinin tələbi ilə Nurmatov, “Çek ara” ictimai birliyinin üzvü Güljigit İsakov və adları açıqlanmayan daha iki məhbus 21 iyun 2023-cü il tarixinədək Bişkekdəki istintaq təcridxanasında saxlanılacaqlar.

Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan digər şəxs, Qırğızıstan Milli Universitetinin müəllimi Çolponbek Sıdıqbayev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi “hakimiyyəti zorla ələ keçirməyə” cəhd işi üzrə 30-dan çox şəxsi saxlayıb. Onlardan 5-i, o cümlədən “Eldik Keneş” partiyasının başqanı Roza Nurmatova MTN-in təcridxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, müvəqqəti saxlama təcridxanasına yerləşdirilənlərdən 5-i artıq hakimiyyəti ələ keçirməyə cəhd etdiklərini etiraf edib və onlardan “cinayətkar niyyətlərini təsdiq edən maddi sübutlar” götürülüb.

Amma hansı maddi sübutun götürüldüyü...məlum deyil.

Xatırladaq ki, bazar ertəsi, iyunun 5-də Bişkekdə hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin kütləvi həbsləri barədə məlumat yayılmışdı.

Bununla bağlı sosial şəbəkələrdə Qırğızıstanın paytaxt küçələrində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərin görüntüləri də ictimaiyyətə nümayiş etdirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə