Türkmənistanın Türkmənbaşı şəhərində yerli sakinlər fevral ayı üçün vəd edilən ərzaq payını ala bilmədikləri üçün dövlət mağazasının işçisinə hücum ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun müxbiri məlumat verib.
Ötən həftə Türkmənbaşı 1 saylı dövlət mağazası yerli sakinlərə fevral ayının 4-də ərzaq payının veriləcəyini vəd edib. Məhz elə buna görə də, bir gün əvvəl axşam saatlarından başlayaraq sakinlər mağazanın qarşısında növbəyə yazılıblar.
Qeyd edək ki, subsidiya verilən məhsulların siyahısına un və bitki yağı kimi gündəlik tələbat malları daxildir.
Beləliklə, yüzlərlə insan növbəyə düzülüb. Yerli sakinlərin sözlərinə görə, iyunun 5-də səhər saatlarından daha çox insan növbəyə yazılmağa başlayıb.
Amma səhər saatlarında mağaza açılanda növbəyə dayanan sakinlər ümidlərinin yenidən boş olduğunu anlayıblar. Belə ki, dövlət mağazasının qapısını açan satıcı xanım iyunun 5-də qida rasionunun olmayacağını deyib.
Bunu eşidən növbədəkilər, əsasən qadınlar qışqıraraq satıcı qadına hücum çəkməyə başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, qadınlar satıcı qadını itələyərək paltarını cırıblar.
Hökumətin güzəştli ərzaqların vaxtında çatdırılmasını təmin etmədiyini kütləyə başa salmağa çalışan satıcı qadın kütlənin hücumundan güclə qurtulub.
Hadisə yerinə çağırılan polis müşahidə kameralarının qeydlərini yoxlamağa başlasa da, amma mağazanın yaxınlığında quraşdırılan kameraların nasaz olduğu meydana çıxıb.
Qeyd edək ki, bölgədəki etirazlardan sonra internet bağlanıb və küçələr təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.
Yeri gəlmişkən, böyük enerji resurslarına malik olan Türkmənistan bu gün ciddi iqtisadi böhranın ortasındadır və əhalinin böyük hissəsini ərzaq subsidiyalarından asılı vəziyyətə düşüb.
Lakin ölkə hakimiyyəti israrla ölkə əhalisinin “xoşbəxt bir dövr” yaşadıqlarını iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB