Əks-hücum əməliyyatına başlamaq üçün silahımız kifayət qədərdir

Bu arada xarici işlər naziri Dmitri Kuleba, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər silaha malik olduğunu və bu əməliyyatın ölkəyə NATO-ya daxil olmaq üçün lazım olan qələbəni verəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o bu açıqlamanı “Reuters” agentliyinə danışarkən bildirib.

Nazir, Alyansa üzvlüyün yalnız aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacağını da əlavə edib.

Əks-hücumun başlayıb-başlamadığını soruşduqda Kuleba cavab verməyib. Bununla belə, o vurğulayıb ki, ən önəmlisi əks-hücumun nə vaxt başlaması deyil, onun ukraynalıların qələbəsi ilə başa çatmasıdır.

"Biz artıq bütün silahların kilidini açmışıq... NATO-ya üzvlük bu müharibəni dayandıra bilməz, lakin NATO-ya üzvlük gələcək müharibələri dayandıracaq. Ona görə də regionda təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu Ukraynanın NATO üzvü olacağı nöqtəyə gəlməkdir"-deyə Kuleba bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə