Kadırov Belqorod vilayətinə çeçen bölmələrinin göndərilməsini təklif edib

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynanın təxribat və kəşfiyyat qruplarını məhv etmək üçün Belqorod vilayətinə çeçen bölmələrinin göndərilməsini təklif edib. SİA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

“Əlbəttə, Ali Baş Komandan daha yaxşı bilir. Amma sizə xatırlatmaq istərdim ki, Belqorod vilayətini işğal edən terrorçularla çeçen bölmələrinin qüvvələri mübarizə apara bilər", - deyə Kadırov bildirib.

Onun sözlərinə görə, çeçen döyüşçüləri mülki əhali və infrastruktura heç bir zərər vurmadan təxribatçıları məhv etmək gücünə malikdir.

"Ümumilikdə güc və hərbi strukturların batalyon və alaylarında çeçen döyüşçülərinin sayı 70 mini ötür. Bu, üç ordudur! Bütün bölmələr Rusiya Xüsusi Təyinatlı Qüvvələrində təlim keçib, ən son texnologiya və silahlarla təchiz olunub. Dövlətimizin və vətəndaşlarımızın müdafiəsi naminə Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırıq”, - deyə Kadırov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə